Mirinqoplastika
Mirinqoplastika nədir?
Dəlik olan qulaq pərdəsinin bərpasına mirinqoplastika deyilir. Əsasən xroniki orta otitdən sonra yaranan qulaq pərdəsi dəliklərində bu əməliyyat üsulundan istifadə olunur. Qulaq pərdəsinin bərpasında əsasən qulaqdan alınan qığırdaq və ya qığırdağı əhatə edən pərdə (perikondrium) və ya hər ikisi birlikdə və ya temporal fassiya istifadə olunur. Mirinqoplastikanın köməyi ilə qulaq pərdəsi yenidən qurulur və orta qulağın xarici mühitlə əlaqəsi əngəllənmiş olur. Bu həm eşitmə azlığını bərpa edir, həm də qulaq pərdəsinin dəlik olması səbəbi ilə yarana biləcək qulaq infeksiyalarından və bu infeksiyaların fəsadlarından qoruyan bir divar yaradır.

Mirinqoplastika üsulları hansılardır?
Underlay, Overlay, over-underlay kimi fərqli üsullar mövcuddur. Bu üsullar istifadə olunan materialin qulaq pərdəsinə necə sərildiyi ilə bağlıdır və texniki adlardır.
Mirinqoplastika əməliyyatı hər zaman qulaq arxasından edilir?
Əsasən xarici qulaq kanalı dardırsa və ya cərrah bu əməliyyatlara yeni başlayıbsa əməliyyat qulaq arxasından edilir. Əgər qulaq pərdəsi dəliyi (tipmanik membran perforasiyası) çox böyük deyilsə, qulaq kanalı kifayət qədər genişdirsə əməliyyat qulaq içindən (transtimpanik mirinqoplastika) edilə bilər. Bu əməliyyatda sağalma müddəti daha rahat olub, kəpçə qulaq yaranması kimi problemlər müşahidə olunmur. Amma əməliyyatınızı təcrübəli həkim etməlidir.
Hansı hallarda mirinqoplastika əməliyyatı məsləhət görülmür?
- Aktiv qulaq infeksiyalarında
- Allergiyalarda
- Xarici qulaq yolu infeksiyalarında
- 3 yaşından kiçik xəstələrdə
