Close

PhD Op.Dr.Məzahir Quliyev

Gözəl Burun, Rahat Nəfəs

dr.mezahir%lorest#az

Septoplastika

Burun çəpərinin əyriliyi nədir?

Burun tənəffüsünün çətinləşməsi insanlar arasında ən çox rast gələn şikayətlərdəndir.Yaşlı adamların təqribən üçdə birində Xronik burun tutulması müşahidə edilir. Burun tutulmalarının da ən çox rast gələn səbəbi isə burun çəpərinin (burun arakəsməsinin) əyriliyidir. Burun çəpəri (arakəsməsi) (Nasal septum)hər iki burun dəliyini bir-birindən ayıran ortadakı divara, arakəsməyə deyilir.

septoplastika-1

Bu arakəsmə öndə qığırdaq, arxa hissədə isə sümük toxumasından ibarətdir.

septoplastika-2

Üzəri selikli qişa ilə örtülüdür. Burun arakəsməsinin orta xətdən sağa və ya sola əyilməsinə burun çəpərinin əyriliyi deyilir

septoplastika-3

Əslində yaşlı adamların təqribən 80% -də az ya da çox dərəcədə çəpər əyriliyi rast gəlinir.  Bəzən heç bir şikayətə səbəb olmur, təsadüfi müayinə zamanı aşkar olunur və belə halda əməliyyata da ehtiyac olmur. Lakin şikayətlərə (burun tənəffüsünün çətinləşməsi, ağzıaçıq yatmaq, başağrıları, xroniki sinusitlər və s.) səbəb olduğu zaman əhəmiyyət kəsb edir və şikayətlərlə əyrilik arasında əlaqənin olub olmaması ətraflı müayinə olunaraq araşdırılmalıdır.

 

Burun çəpərinin əyriliyi nədən olur?

Burun çəpəri əyriliyinin ən önəmli səbəbi burun travmalarıdır. Bu travmalar ana bətnindəki travmalardan, anadan olduğu zaman və sonrakı dövrdə olan travmalardan( iməkləmə zamanı, məktəbdə, idmanda və s.) ibarətdir. Ancaq ən çox uşaqlıq dövründəki kiçik və ya böyük travmalar nəticəsində burun arakəsməsinin (çəpərinin) müxtəlif böyümə nöqtələri qıcıqlanır, qığırdaq sintezi artır və böyüməyə davam etdikcə burun çəpəri qığırdaq və ya sümük hissədən əyilməyə başlayır. Bəzən burun çəpəri qığırdağında qırıq xətti yarana bilir.Travmanın şiddətinə və istiqamətinə görə əyriliyin şiddəti, şəkli və istiqaməti dəyişir. Bu travmalar bəzən burnun xarici görünüşünü də poza bilir.

 

Hansı şikayətlərə səbəb olur?

1. Burun tutulması, ağzı açıq yatmaq, xoruldamaq.

Ümumiyyətlə əyrilik olan tərəfdə daimi tutqunluq, digər tərəfdə isə burun ətinin (aşağı burun balıqqulağının) tədricən şişməsi (kompensator hipertrofiya) hesabına dəyişkən olaraq tututlub açılma baş verir. 

septoplastika-4

Xəstələr adətən fərqinə belə varmadan əyrilik olan tərəfə yatdıqda daha rahat nəfəs alırlar. Əyriliyin dərəcəsi dəyişməsə belə səbəb olduğu burun tutulması və narahatçılıq hissi özünü insanlarda  30 yaşından sonra daha çox biruzə verir. Ağzı açıq yatmaqla əlaqədar olaraq xüsusilə sabahlar boğazda quruma, yapışqanlıq hissi olur.Yuxu keyfiyyəti xeyli dərəcədə pisləşir və adətən yuxudan yorğun şəkildə ayılırlar. Eyni zamanda burunda rahat nəfəs ala bilməmək işgörmə qabiliyyətini bir qədər aşağı salır.

2. Tez-tez təkrarlanan yuxarı tənəffüs yolu infeksiyaları (sinusit, faringit və s. ); Ciddi burun çəpər əyriliyi olan adamlar daha çox yuxarı tənəffüs yolu xəstəlikləri keçirirlər və yaxşılaşmaları adətən daha çox zaman alır.

3. Təkrarlanan burun qanaxmaları; Xüsusilə kəskin çıxıntı şəklində əyri olanlarda çıxıntı olan yerdə səlikli qişa incəlir, quruyur və tədricən burun qanaxmasıma səbəb ola bilir.

4. Qoxubilmənin çətinləşməsi; Əyrilik burun içərisinin üst qismində yerləşən qoxubilmə nahiyəsinə qoxu molekullarınaın gedib çatmasına mane olaraq qoxubilmə qabiliyyətinin çətinləşməsinə səbəb ola bilir.

5. Üz bölgəsində ağrının olması; Burun çəpərində olan əyriliklər bayır divarın selikli qişalarına söykənərək, (xüsusilə daraq çıxıntılar) reflektoru baş ğrılarının əmələ gəlməsinə səbəb ola bilir(yuxarıdakı şəkildə daraq çıxıntı şəklində əyrilik görünür). Bu cür ağrılar adətən üzün ön bölgəsində olur və küt xaraktetrli olurlar. Çox şiddətli olmurlar, lakin çox narahatçılığa  və diskomforta səbəb olurlar.

6. Burun-udlaq axıntısı;

7. Burun çəpərinin əyriliyi birbaşa ürək və ağciyər xəstəliklərinə səbəb olmurlar, lakin mövcud olan xəstəliyi artırırlar, onun şiddətlənməsinə səbəb olurlar.

 

Burun çəpərinin əyriliyi  Diaqnozu necə qoyulur?

Burun güzgüsü deyilən alətlə burun qanadları aralanaraq burun çəpəri müayinə edilir. Burun çəpərinin arxa qismi, burun ətləri, burun ətrafı ciblərin (sinusların) burun içinə açıldığı yerlərin, adenoid və o cümlədən burun-udlağın görünməsi və detallı müayinəsi üçün endoskopik müayinə həyata keçirilir.

septoplastika-44

Burunun endoskopik müayinəsində burun endoskopu deyilən, ucunda kiçik kamera və işıq olan 2,7 və ya 4 mm qalınlığında bir alətlə burun içərisi müayinəsi aparılır. Bu zaman pasiyentin özü də həkimlə bərabər monitorda burun içərisində olan bütün strukturları və patologiyaları aydın bir şəkildə görə bilirlər. 

septoplastika-5

Yuxarıda göstərilən hər iki müayinə üsulu da ağrısızdır və qısa sürür. Burun çəpərinin əyriliyi üçün başqa bir müayinəyə ehtiyac yoxdur. Lakin əgər eyni zamanda polip, sinusit, kista və s. bu kimi şübhəli hallar olduqda isə burun ətrafı ciblərin kompüter tomoqrafiyasına ehtiyac ola bilər.   

 

Septoplastika əməliyyatı

Burun tənəffüsünün pozulmasının əsas səbəbi burun içərisindəki burun çəpərinin (arakəsməsinin) əyriliyi ilə əlaqədər olur. Burun tənəffüsünün pozulması zamanı məcburi olaraq ağız tənəffüsünə keçilir. Ağız tənəffüsü zamanı mənimsənilən oksigenin burun tənəffüsünə nisbətən 10 dəfə az olduğu elmi tədqiqatlarla sübut edilmişdir. Bu da nəticədə bədənimizin bütün hüceyrələrində tədricən oksigen azlığına (hipoksiya) gətirib çıxarmaqla orqanizmə çox zərər verir. Burnumuzdan rahat nəfəs ala bilmədikdə xüsusilə gecələri ağzıaçıq yatmaq, xoruldamaq, ağızda quruma, yuxudan yorğun oyanma, əsəbilik, iş qabliyyətinin azalması, ürəkdə böyümə, ağciyərlərdə durğunluq və s. kimi orqanizmdə bir çox problemlər yarada bilir. Bütün bu problemlərdən azad olmaq üçün burun tənəffüsünün  rahat olması lazımdır. Bunun üçün septoplastika əməliyyatı (burun arakəsməsinin düzəldilməsi) həyata keçirilir.

 

Burun Çəpər əyriliyi necə müalicə ediliir?

Burun çəpəri əyriliyinin müalicəsi cərrahi yolla olub septoplastika adlanır.Septoplastika əməliyyatı ümumi narkoz, lokal anesteziya (yerli keyləşmə) və venadaxili sedasiya deyilən yarıyuxulu keyləşdirmə ilə həyata keçirilə bilir. Əvvəllər daha çox yerli anesteziya ilə, çəkic – iskənə (zubil) vasitəsilə həyata keçirilən selikli qişaaltı rezeksiya adlanan daha travmatik  həyata keçirilirdi. Lakin günümüzdə SEPTOPLASTİKA adı verilən bu əməliyyat tam ağrısız, çəkic-iskənəsiz, tamponsuz həyata keçirilir. Əməliyyatdan əvvəl anestezioloqun (narkoz həkiminin) müayinəsi və bəzi müayinələrlə əməliyyata mane olan və ya riskli halların olub-olmadığı araşdırılır.

 

Septoplastika əməliyyatı necə ediliir?

Əməliyyat zamanıburun içindən  burun çəpərinin ön hissəsindən selikli qişa perixondriumu(qığırdaqüstlüyü) altına daxil olub burun arakəsməsi içəridən soyulur. Daxildə düzəldilə bilməyən kəskin əyri hissələr çıxarılır düzəldilərək yerinə ― yəni selikli qişaların arasına düzgün şəkildə qoyularaq düz hala gətirilir.

septoplastika-6

Bu əməliyyat ənənəvi metodla edildikdə adətən çəkic-iskənə ilə düzəldilirdi, lakin indi daha müasir alətlər və cihazlardan (Piezo cihazından) istifadə edərək arakəsmənin (çəpərin) əyri hissələri düzəldilir. Yeni düzəldilmiş burun çəpərini orta xəttdə saxlamaq üçün əməliyyatın sonunda tampon deyil, borulu silikon splintlər qoyulur ki, bu da əməliyyatdan 1-2 gün sonra çox rahat, ağrısız çıxarılı.

septoplastika-7

Borulu   Silikon splintlər  burun içərisində(A,B)

Borulu  Silikon splintlər əməliyyatdan sonrakı dövrün daha rahat, ağrısız keçməsini təmin edir.

 

Septoplastika əməliyyatı hansı yaşlarda və mövsümdə edilir?

İnsanda sümük-qığırdağın inkişafının tamamlandığı qızlarda 16-17, oğlanlarda 17-18 yaşdan sonra həyata keçirilə bilər. Əməliyyata əks göstəriş olan yanaşı bir xəstəlik yoxdursa yuxarı yaş həddi yoxdur. Bəzi istisna hallarda uşaqlarda da septoplastika əməliyyatı həyata keçirilə bilir.Xüsusilə burundan nəfəsalmanı tamamilə çətinləşdirən, yuxu apnoesinə səbəb olan, ağız-çənə-diş inkişafını nəzərəçarpacaq dərəcədə pozan əyriliklər olduğu zaman uşaq septoplastikası (pediatrik septoplastika) həyata    keçirilir. Ancaq uşaqlarda böyümə-inkişaf davam etdiyi üçün burun çəpərinin böyümə nöqtələrinə toxunmadan məhdud şəkildə ( konservativ) yanaşaraq, yalnız əyri hissələri düzəldib, mümkün qədər yerinə qoyaraq qoruyucu bir əməliyyat həyata keçirilməlidir.

Septoplastika əməliyyatı bütün mövsümlərdə həyata keçirilə bilir. Ancaq mövsümlə əlaqədar kəskin allergik riniti olanlarda əməliyyatdan sonra burun daxilində ödem, asqırma və bununla əlaqədar qanaxma olma ehtimalını nəzərə alaraq belə xəstələrdə allergiya dövrü keçdikdən sonra əməliyyat olunmaları məsləhət görülür.

 

Əməliyyatdan sonrakı dövr necə olur?

Əməliyyatdan sonra adi ağrıkəsicilərlə asnlıqla keçə biləcək dərəcədə yüngül ağrı olur.Septoplastika əməliyyatından sonra burnun xarici görünüşündə heç bir dəyişiklik, göyərmə nə də şişkinlik  olmur.Əməliyyat qurtardıqda burun içərisinə yumuşaq borulu silikonlar qoyulur ki, bu silikonlar tampon vəzifəsi görür, tamponlara nisbətən ağrısızdır və xəstə bu borularla əməliyyat qurtaran kimi nəfəs ala bilir. Əməliyyatdan 2-3 gün sonra həmin silikonlar rahat bir şəkildə, ağrısız olaraq 5-10 saniyə içərisində çıxarılır. Bəzi xəstələrdə isə burun selikli qişası və burun çəpəri sorulan tikişlərlə tikilərək borulu silikonlara belə ehtiyac olmur.  Ancaq borulu silikonlar həm qanaxmanı, həm də əməliyyatdn sonra burun içərisində sinexiya (birtişmə) yaranma risqini azaltdığına görə məsləhət görülür.

Əməliyyatdan sonra ilk 1-2 gün ərzində sızıntı şəklində qanlı ifrazat gələ bilər, sonrakı günlər ərzində selikli-qanlı ifrazat şəklində ola bilər. Sonrakı 1-2 həftə ərzində burun içərisində qabıqlanmalar olur. Bu qabıqlar fizioloji məhlullar(dəniz suyu tərkibli spreylər), yağlı damcılar ilə yumuşaldılaraq təmizlənə bilir. Yüngül işlərdə çalışıldığı zaman 3-4 gün sonra işə gedə bilsə də, əməliyyatdan sonrakı 7-10 gün ərzində istirahət məsləhət görülür. Hətta 5-7 gün sonra səyahətə belə çıxa bilir. Əməliyyatdan 10 gün sonra buruna normal su çəkilə bilir, yüngülcə fınxırıb təmizlənə bilir.

 

Septoplastika əməliyyatından sonra hansı fəsadlaşmalar ola bilər?

Septoplastika əməliyyatından sonra fəsadlaşmalar nadirdir. Rast gəlinən fəsadlaşmalar aşağıdakılardır:

  1. Qanaxma
  2. Septal hematoma( burun qığırdağı ilə selikli qişa arasında qan toplanmasıdır. Mütləq boşaldılmalıdır)
  3. İnfeksiya
  4. Septal perforasiya (burun çəpərində əməliyyat zamanı selikli qişada zədələnmələr nəticəsində dəliyin əmələ gəlməsi. Perforasiyanın qarşısını almaq üçün əməliyyat zamanı qarşılıqlı selikli qişa defektləri hiss edildiyində tikilməlidir.)
  5. Sinexiya (burun içərisində bitişmə)
  6. Əyriliyin təkrarlaması
  7. Burun arxasında çökmə(burun çəpəri qığırdağı ehtiyatsız və ya artıq alınarsa burun dəstəyi zəifləyər və yəhərvarı burun yarana bilər.Bunun qarşısını almaq üçün burun beli və öndə 1,5 sm-lik L-şəklində sağlam qığırdaq qorunmalıdır.)
  8. Burun ucunun çökməsi və kolumellar retraksiya (burun çəpərinin ön ucunda  əyrilik olduqda kəsilib götürüldükdə, burun tininə tikilmədikdə dəstək zəifləyir, kolumellar hissə arxaya gedir)

 

Septoplastika əməliyyatından sonra burun çəpəri əyriliyi təkrarlanarmı?

Septoplastika gözlənilən uğurlu nəticəsi yüksək olan bir əməliyyatdır. Bir çox Qulaq, Burun, Boğaz cərrahı üçün asanlıqla həyata keçirilən bir əməliyyat olduğu kimi doğru yanaşılmazsa, düzgün edilməzsə və doğru üsul tətbiq edilməzsə, uğursuz nəticə əldə oluna bilər. Uğurlu bir əməliyyatdan sonra buruna travma olmadığı müddətcə və ya fəsadlaşma baş vermədikcə burun çəpər əyriliyi təkrarlamaz. Adətən bu əməliyyat burun içərisində burun arakəsməsinin ön hissəsindən müdaxilə olunaraq həyata keçirilir. Ancaq yüksək əyriliklər, burun qığırdağı ucunun əyilməsi, burun qığırdağı da qırıq  xətti şəklindəki əyilmələri düzəltmək üçün əlavə texnikalar lazım olur. Bu vəziyyətdə bəzən açıq metod ilə əməliyyat etmək lazım olur. Əyri  burunlarda septo-rinoplastika dediyimiz estetik və funksional burun cərrahiyəsini eyni zamanda etmək lazımdır. Uğursuzluğun ən önəmli səbəbi bunların göz ardı edilməsidir, nəzərə alınmamasıdır, ayrıca burun çəpəri əyriliyindən başqa burun əti  böyüməsi, burun klapanı darlığı, burun polipi kimi burun tutulmalarına və ya tıxanıqlığına səbəb olan başqa problemlər də varsa, eyni əməliyyatda həll edilməlidir, əks halda septoplastika uğurlu olsa da burun tıxanıqlığı davam edə bilər. Burun çəpəri əyriliyi əməliyyatının uğursuz olması və ya əyriliyin təkrarlanması hallarında ikinci, üçüncü dəfə əməliyyat edilə bilər. (Revizyon Septoplastika)