Close

PhD Op.Dr.Məzahir Quliyev

Gözəl Burun, Rahat Nəfəs

dr.mezahir%lorest#az

Rinoplastika əməliyyatı haqqında

rinoplasti-ameliyat Rinoplastika üz plastik cərrahiyyəsi sahəsində həyata keçirilən ən çətin əməliyyatlardan biridir.Standart bir rinoplastika əməliyyatı yoxdur. Hər xəstə, hər üz və hər bir burun bütün olaraq düşünüldüyündə bir birindən fərqli anatomik quruluşda olur və hər biri  özünə məxsusdur. Beləliklə hər xəstə üçün ona məxsus ayrıca bir planlama lazımdır. Estetik və funksional deformasiyaların qüsursuz təsbiti, uyğun bir dizayn və cərrahi planlama, bunu həyata keçirmək üçün bacarıq, istedad və ən əsası isə təcrübə lazımdır. Cərrahın təcrübəli olması  mütləqdir. Adətən həyata keşiriləcək Rinoplastiaka əməliyyatı zamanı gözəl görünən, həmçinin  üzün digər hissələrilə uyumlu olan bir burun hədəflənir.

 

Əməliyyat öncəsi dəyərləndirmə

1. Estetik dəyərləndirmə

Bunun üçün birinci, nəfəs alarkən burun qanadları və yan divarlarında çökmə olub olmadığı, eyni zamanda burun dərisinin qalınlığı dəyərləndirilir. Sonra burun kökündən başlayıb dodağa qədər burnun sümük və qığırdaq toxumaları müayinə edilərək dəyərləndirilir. Burun sümükləri (qısa və ya uzun burun sümükləri, sərtlik, qalınlıq, burun kəməri, əyrilik, nahamar olması, simmetriyasının və ya asimmetriyasının olub olmaması), burun qığırdaqları  (şəkli, yerləşməsi, böyüklüyü, qalınlığı, elastikliyi, artıq və ya əksikliyi, burun ucunun dəstəyi, düşüklüyü, qalxıqlığı, əyrilik varmı yoxmu, genişliyi), burun dəliklərinin vəziyyətində genişlik, darlıq, burun kənarlarında çəkiklik, assimmetriya olması dəyərləndirilir. Burun-alın və burun-dodaq bucağı, burnun üzdəki və daxildəki digər hissələrlə nisbətləri dəyərləndirilir. Gülərkən və və ya danışarkən üst dodaq və burunun əlaqəsi, eyni zamanda burun ucunun düşüb-düşməməsinə diqqət edilməlidir. Bütün bunlar diqqətlə dəyərləndirilir, sonra alt çənə və ucu dəyərləndirilir. Burun şəkli ilə əlqədər olaraq alından başlayaraq dodağa qədər burundakı şəkil dəyişiklikləri və düzəlməsi  arzu olunan detallar pasiyentlə birlikdə müzakirə olunur.

2. Funksional dəyərləndirmə

Bu zaman burun tıxanıqlğının olub olmadığı araşdırılır. Əgər burun tıxanıqlığı varsa, daha çox hansı tərəfdə olduğu, dəyişkən və ya daimi tutulmanın olduğu dəyərləndirilir. Pasiyentin burun çəpərinin əyriliyinin olub olmadığı, əvvəl burun əməliyyatı keçirib keçirmədiyi, burun ətlərinin vəziyyəti, böyüklüyü, burun klapanı bölgəsinin vəziyyəti – darlığın olub olmaması, poliplər, sinusitlər, adenoidlər və s. varlığı dəyrəndirilir. Klassik burun daxili müayinə zamanı burunun arxa qismindəki problemlərin 40%-i adətən nəzərdən qaça bilir. Bu səbəbdən  mütləq endoskopik müayinə ilə burnun arxa hissəsinin vəziyyəti, eyni zamanda burun-udlağın vəziyyəti dəyərlənidirilməlidir. Hətta ehtiyac olarsa, burun və burun ətrafı ciblərin kompyuter tomoqrafiyası məsləhət görülür.

 

Fotoşəkillərin çəkilməsi və kompyuterdə analiz edilməsi

Standart şəkil çəkilməsində burun öndən, aşağıdan, sağ yan (profil), sağ çəp (45˚), sol yan (profil), sol çəp (45˚) olmaqla 6 fərqli bucaqdan fotoşəkil çəkilir . Standart çəkimlərdən başqa gülərkən və yuxarıdan da burnun fotoşəklini çəkmək məsləhət görülür. Çünki, gülərkən burun və dodaq  arasında olan bucağın dəyişilməsi daha yaxşı görünür. Burun orta xətdən yerini dəyişib dəyişmədiyi yuxarıdan çəkilən şəkildə daha yaxşı görünür. Daha sonra  fotoşəkillər  kompyuterə yüklənir və xüsusi bir proqram sayəsində üzə ən uyğun burun şəkli formalaşdırılır, dizayn edilir. Bu dizayn cərraha əməliyyatın planlaşdırılmasında olduqca yardımçı olur.Ancaq kompyuterdə düzəldilən görüntü ilə əməliyyat  nəticəsinin birə bir eyni olmayacağı, ona bənzər şəkildə ediləcəyi pasiyentə izah olunur. Əməliyyatdan əvvəl uzun müddət istifadə etdiyiniz dərman prepratları və xroniki xəstəlikləriniz, artreial təzyiqin yüksək olması, şəkər xəstəliyi,  endokrin xəstəliklər  və s. daha öncə keçirilmiş əməliyyatlar, allergiya, qanaxma problemi kimi hallar barədə mütləq həkimə məlumat verilməlidir.

Əməliyyatdan öncə pasiyentlərin diqqət etməli olduğu bəzi xüsuslar aşağıda verilmişdir:

  1. Əməliyyatdan 10 gün əvvəl  aspirin və o qurupdan olan qeyri-steroid iltihab əleyhinə preparatlar (ibuprofen,naproksen və s.) qanı durlaşdırıcı ağrı kəsicilər kəsilməlidir;
  2. A vitamini, ginkqobilobanın qəbulu kəsilməlidir (morluq və şişliyi artıra bilir);
  3. 5 gün öncə alkoqollu içkilərin kəsilməlidir (şişliyi artıra bilir)
  4. 5 gün öncə Siqaret çəkilməsi kəsilməlidir (yaranın  sağalmasını gecikdirir), (narkozdan sonra  ağ ciyər problemlərini artırır, infeksiyalaşma riskini artırır).

 

Rinoplastika əməliyyatı necə həyata keçirilir?

Son yüz ildə elm və sənətdəki inkişafla bərabər Rinoplastika anlayışı və Rinoplastikaya yanaşma da xeyli dəyişmişdir. Belə ki, əvvəllər RİNOPLASTİKA əməliyyatı adətən burnun kiçildilməsi şəklində həyata keçirilirdi. Bu zaman burunda olan „artıq“ qığırdaq və sümük hissələr kəsilib çıxarılırdı və kiçik bir burun əldə edilirdi, nəticədə burun skeleti quruluş etibarı ilə zəifləyirdi. İlk vaxtlar bu hal xəstələr üçün olduqca xoşa gələn olsa da, illər ötdükcə burunda yaranan quruluş və nizamsız görünüş xəstələri üzməyə başladı. Eyni zamanda burunun bir çox quruluşundakı dətək mexanizmaları zəiflədiyindən nəfəsalma problemləri də ortaya çıxdı.        

Günümüzdə Modern rinoplastika anlayışında isə artıq kiçiltmə deyil, yenidən şəkilləndirmə pirinsipi qəbul edilmişdir. Bunun üçün sadəcə ehtiyac olan qədər toxuma (qığırdaq və ya sümük) çıxarılır və xüsusi tikiş və qreft texnikalarından istifadə olunur. Beləliklə hədəf - estetik olaraq gözəl, cazibədar və üzün bütünüylə uyumlu, görünüş və quruluş etibarilə sağlam və uzun müddət qalıcı, funksional olaraq da rahat nəfəs ala bilən bir burun əldə etməkdir.

 

Qapalı və açıq  metod nədir?

Burun əməliyyatları qapalı və açıq üsulla həyata keçirilə bilir. Lakin unudulmamalıdır ki, açıq və ya qapalı metod ümumilikdə əməliyyat texnikası deyil, burunun qığırdaq və sümük toxumalarına müdaxilə etmık üçün istifadə olunan yoldur. Açıq və ya digər adla eksternal metod burunun ön tərəfində burun dəliklərini bir birindən ayıran  hissədə - kolumellada tərs V və ya W şəklində kiçik bir kəsik aparılır, sonra dəri qaldırılır burunun qığırdaq və sümük hissələrinə müdaxilə edilir. Əməliyyatın son mərhələsində dəridə aparılmış kəsiklərə kosmetik tikişlər qoyulur. Bu kəsiyin izi yara düzgün qapanarsa, sağaldıqdan sonra adətən hiss olunmur, ancaq çox yaxından diqqətlə baxıldıqda fərq edilə bilər. Qapalı metodda isə bütün kəsiklər burunun içindən həyata keçirilir. Burada açıq və ya qapalı metod dedikdə, biri digərindən daha yaxşıdır və ya daha üstündür deyə bir qayda yoxdur.Burunun vəziyyətinə görə mən də açıq və yaxud qapalı metodun hər iksini həyata keçirirəm. Məsələn, orta xətdə burun arxasında donqarlığı olan, burun ucu simmetrik və düzgün bir burun olduqda belə burnun qapalı metodla əməliyyat edilməsini uyğun görürəm. Qapalı metodun üstünlüklərindən biri burun ucu tip bölgəsinin dəstək mexanizmalarının heç pozmadan daha az travma verərək sağalmanın daha qısa sürməsi, eləcə də əməliyyat sonrası ödemin daha tez düzəlməsi, burun ucundakı hissiyatın itməsinin daha tez bərpası sayıla bilər. Əyri  burunlar, böyük revizyon ehtiyacı olan burunlar, burun ucunda nəzərə çarpan asimmetriya olan burunlarda və yarıq dodaq rinoplastikasında açıq metod məsləhət görülür. Açıq metodun üstünlüyü isə burunun bütün qığırdaq və sümük toxumalarının daha rahat görülərək bütün qreft və tikiş texnikalarının istifadə oluna bilməsi sayılır. Qulaq burun boğaz həkimi olaraq mənə gələn birincili, həm də revizyon rinoplastika xəstələrinin çoxunda fəsadlaşmalar və nəfəs alma problemləri olduğundan yarıdan çoxunu açıq metodla əməliyyat etmə məcburiyyətində qalıram.Əməliyyatın müddəti burnun şəklinə və yanaşmaya görə 1-4 saat ətrafında olur. Mənim üçün önəmli olan əməliyyatın müddəti deyil əməliyyatın nəticəsidir.

 

Rinoplastika əməliyyatından sonra nələrə diqqət etməli?

  1. İlk 2 gün boyunca göz ətrafı və üzdə az da olsa şişkinlik ola bilər. Şişlik  və göyərmələri azaltmaq üçün ilk 2 gün boyunca baş yüksəkdə olacaq şəkildə 2 yastıqla (30-45˚) yatmaq lazımdır. Oyaq olduğunuz zamanlarda bir saatda 10-15 dəqiqə göz ətrafına və yanaqlara tətbiq olunacaq soyuq gel və ya buz şişliyi və göyərməni azaldacaqdır.
  2. İlk 2 gün üst dodaq üstünə yapıştıracağınız bint parçası meydana gələ biləcək qanlı sızıntının üstünüzü batırmasına mane olacaq.
  3. Qanamaya mane olmaq üçün ayağa qalxarkən və önə əyilərkən başınız yuxarı tutub hərəkət etməyə çalışın.
  4. Əməliyyatdan sonrakı 3-4 gün üzünüzdə bir qədər şişkinlik ola bilər. 2 gün ərzində şişlik tamam azalacaqdır.
  5. Çox isti qidaların buxarı qanaxmanı və burun tıxanıqlığını artıracağı üçün çox isti qidalar qəbul etməyin, xüsusilə ilk həftə çox sərt qidalar çeynəməyin, daha yumuşaq qidalar seçin.
  6. İlk 2 ay  boyunca eynəkdən istifadə etməyin. Eynək daim təzyiq göstərdiyindən burun sümüklərinin yerinin dəyişməsi və çökməsinə səbəb ola bilir.
  7. Əməliyyatdan 2 gün sonra linza istifadə edə bilərsiniz.
  8. Dişinizi fırçalayarkən diqqətli olun və burnunuza zərər verməyin.
  9. Əməliyyatdan sonraki 1 həftə yataq rejimi və istirahət lazımdır.
  10. Əməliyyatdan sonrakı 2 həftəsində idmanla məşqul olmaq, cinsi münasibət məsləhət görülmür.
  11. Sarğıları islatmadan üzünüzü yuya bilərsiniz. 1 həftə boyunca saçınızı yumayın, əgər sizə kömək edən biriləri varsa, saç kəsilən yerdə  (bərbərdə) yuyulan kimi başınızı arxaya əyib yuya bilərsiniz. Burnun xaricindəki sarğılarınızı islatmayın.
  12. Gündə 4-5 dəfə fizioloji məhlul yaxud dəniz suyu tərkibli məhlullar (aqva lor, aqva maris və s.) püskürdərək yüngülcə burnunuzu təmizləyə bilərsiniz. Burun girişindəki qabıqlar 3% -li perekislə və antibiotikli məlhəmlərlə (sintomisin, levomekol, solaris) yumşaldıb təmizləyə bilərsiniz.
  13. İlk 2 həftə boyunca telefon görüşmələrinizdən və sosial fəaliyyətlərinizdən, həddindən artıq gülməkdən və kəskin  mimik hərəkətlər etməkdən qaçının.
  14. İlk 1 həftə boyunca başınızdan keçirilən paltar və dar paltar geyinməyin, öndən düyməli paltarlar məsləhətdir.
  15. İlk 6 həftə boyunca  Günəşdən və Günəş şualarından qorunun, əks halda üzünüzdəki şişliyin düzəlməsi uzun çəkəcək.
  16. İlk 1 ay boyunca dənizdə, 2 ay üzmə hovuzunda üzməyin.
  17. İlk 1 həftə 10 gün sonra xəstə dərsə gedə bilir və yüngül işdə çalışa bilir, 1 ay sonra ağır idman hərəkətlərindən başqa yüngül idman hərəkətləri edə bilir və idman edərkən mütləq burunu travmalardan qorumaq lazımdır.
  18. Ilk 3 həftə boyunca siqaret çəkməyin.
  19. Sadəcə həkiminizin məsləhət görəcəyi dərmanlardan istifadə edin.
  20. Heç bir şeyə görə özünüzü riskə atmayın. Ağlınıza gələn, vacib oluduğunu düşündüyünüz bir sual olduğu zaman sonradan problem olmaması üçün həkiminizə zəng edin. (0703234505)

 

ESTETIK BURUN ƏMƏLİYYATI (Rinoplastika)sonrası diqqət edilməli qaydalar

  • Əməliyyatdan sonrakı ilk həftədə burun dəliklərinizdən açıq qırmızı rəngli maye gəlməsi normaldır.
  • İlk həftədə göz ətrafınızda və üzünüzdə şişlik olması təbiidir. Bunun qarşısını almaq üçün başınız yuxarı şəkildə 2 yastıqla yatmağınız lazımdır. Gün ərzində yatmaqdan çox oturumağınız və ya  gəzməyiniz məsləhətdir. Televizora baxmaqla və ya kompyuter arxasında vaxt keçirə bilərsiniz, ancaq diqqətli olun ki, gözləriniz çox yorulmasın. Özünüzü yaxşı hiss edirsinizsə çölə çıxmanızda da bir qorxu yoxdur, lakin yenə də diqqətli olun.
  • Burun təmizliyi etmək istəsəniz əvvəlcə sizə verilən spreylə burnun içini yuyun. Daha sonra kremlə həkiminizin burnunuzda göstərdiyi tikiş yerlərini qulaq çöpləri köməyi ilə yağlayın. Diqqətli olun, həkiminiz sizə demədən qulaq çöplərilə burnunuzun çox içəri tərəflərini təmizləməyin.
  • Asqırma burnunuza zərər verməz. Ancaq burun qanamasına səbəb ola bilər. Çox asqırmağınız gələrsə gözlərinizi bağlayıb başınızı yüngülcə önə əyərək və dilinizi qüvvətlicə damağınıza basaraq asqıra bilərsiniz. Buna baxmayaraq asqırma hissi keçmirsə ağzınızla asqıra bilərsiniz.
  • Əməliyyatınızdan sonra 6-8 həftə ərzində burnunuzdan selikli, qanlı, quru qabıqlar gələ bilər. Bunları təmizləmək üçün əlavə bir şey etməyin. Bunlar gəldiyi müddətcə krem və spreyinizi istifadəyə davam edin. Gecə yatmazdan əvvəl hər iki burun dəliyinizdən noxud böyüklüyündə krem sıxıb içəriyə doğru çəkin. Səhər qalxdığınızda burnunuzu sıxmadan yüngülcə təmizləyin.
  • Əməliyyatdan sonra 6-12 həftə iy hiss etmə qabiliyyətiniz əvvəlki kimi olmaya bilər. Zamanla normal vəziyyətinə qayıdacaqdır.
  • Əməliyyatdan sonrakı ilk 3 ayda zaman-zaman burnunuzda tutulma və nəfəs alma problemi, burun içində quruluq, burnunuz səhər qalxdığınız zaman şiş və ucunun hissiz olması ilə qarşılaşa bilərsiniz. Narahat olunacaq bir vəziyyət yoxdur, bu şikayətləriniz zamanla keçəcək.
  • Burnunuza toxunmaqdan çəkinməyin. Əməliyyatdan sonra 3-6 həftə dərinizdə sızanaqlar çıxa bilər.
  • Həddindən artıq günəş, hamam, sauna, solarium əməliyyatdan sonrakı 3 ay ərzində qəbul etməyin. Lakin istədiyiniz zaman ilıq duş qəbul etməkdə qorxu yoxdur.
  • Əməliyyatdan sonrakı ilk 6 ay ərzində burun formanızda dəyişikliklər olacaq, burununuz daha təbii bir formaya gələcək.

Burnunuz ilk 1-ci ayda 70% şəklini alır. 1 ilin sonunda isə 90% son şəklini alır.

 

İdeal burun necə olmalıdır?

Əslində standart bir ideal burun anlayışı yoxdur. Tarix boyunca ideal və ya gözəl burun anlayışı fərqli şəkildə dəyişilmişdir. Hər nə qədər ideal anlayışı olmasa da, təbiətdəki bir çox canlıda, insan bədənində qızıl nisbət (1,618) deyilən nisbətə yaxın göstəricilər estetik olaraq qəbul edilir. Leonardo da Vinçidən (1452-1519) bəri bədənin və üzün ideal nisbətlərin bir çoxu əsasən qızıl nisbətə uyğundur. Üzümüz və burnumuzda da qızıl nisbətlər vardır, məsələn, ağız genişliyi ilə burun genişliyi, burun uzunluğu ilə burun projeksionunun (hündürlüyünün) nisbəti qızıl nisbətə uyğun gəlir. İdeal bir üzdə üz horizontal planda üç, frontal planda isə beş bərabər parçaya bölünür(Foto). Burnun üzün digər hissələri ilə burnun öz içində ideal nisbətləri vardır. Əməliyyatda bu nisbətlərə diqqət edilir. Xanımlarda və kişilərdə burunun digər üst toxumaları üzün digər hissələri ilə bucaqları və nisbətləri fərqlilik göstərir, məsələn Nazofrontal (burun-alınbucağı) 115-130˚(FOTO), nazolabial (burun-dodaq bucağı) 90-115˚ (FOTO) bu bucaqların qadınlarda daha böyük, kişilərdə isə kiçik olması daha uyğundur.

Nəticə olaraq ideal burun estetik olaraq üzün digər hissəlırinə uyğun və təbii görünüşlü olan, funksional olaraq rahat nəfəs alan burundur.

 

Əməliyyatdan əvvəl əməliyyatdan sonrakı burnumun necə olacağını görə bilərəmmi?

Əməliyyatdan əvvəl çəkilən fotoşəkillər kompyuterə köçürülür, xüsusi proqram vasitəsilə üzünüzə ən uyğun burun şəkli dizayn edilir. Bu dizayn əməliyyatı planlamaqda bizə çox kömək edir. Kompyuterdə düzəldilmiş dizaynın əməliyyatdan sonrakı burunla tam eyni olmayacağı, ancaq son dərəcə ona yaxın görünüşdə olacağı pasiyentin diqqətinə çatdırılır.

 

Rinoplastika hansı yaşlarda və mövsümlərdə edilir?

Fizioloji aşağı yaş həddi qadınlarda 16, kişilərdə isə 17-dir. Ancaq  rinoplastikada sadəcə  fizioloji yaş deyil, psixoloji yaş da önəmlidir. Əgər bir insan rinoplastika kimi burunda və üzdə qalıcı dəyişikliyə qədər gətirib çıxaran bir əməliyyata  qərar verəcəksə, həmin şəxsin bu məsuliyyəti öz üzərinə götürə biləcək psixoloji inkişaf həddinə çatmış olması lazımdır. Xəstənin ümumi vəziyyəti və ümumi narkoz baxımından əks göstərişi yoxdursa, rinoplastikada yuxarı yaş həddi yoxdur. Rinoplastika  hər mövsümdə həyata keçirilə bilər. Yaz, yay aylarında həyata keçirildikdə ən az 2 ay günəşdən qorunmağa və eynək taxmamağa diqqət edilməlidir.

 

Rinoplastikada hansı anesteziya məsləhətdir?

 Rinoplastika əməliyyatı ümumi anesteziya, lokal anesteziya və ya intravenoz sedasiya dediyimiz yarı yuxulu yəni tam yatırdılmadan da həyata keçirilə bilir. 1-5 saatı keçməyəcək əməliyyatlar lokal və ya sedasiya ilə oluna bilər. Həm xəstənin rahatlığı həmdə mənim rahat çalışa bilməm üçün ümumi anesteziya ideal seçimdir. Ümumi anesteziya günümüzdə təcrübəli anestezioloqların və müasir anesteziya cihazları və dərman preparatları müasir tibbin inkişafı sayəsində daha çox güvənilir hala gəlmişdir.

 

Rinoplastika əməliyyatında ağrı olurmu?

Rinopolastika əməliyyatı tam ağrısız həyata keçirilir. Əməliyyatdan sonra da zəif-orta dərəcədə ağrı ola bilər, lakin o ağrılar da normal ağrısicilərlə (analgin,baralgin,meloksikam və s.) asanlıqla aradan qaldırılır. Hətta bəzi xəstələr heç ağrının olmadığını qeyd edirlər.

 

Əməliyyat nə qədər davam edir?

Əməliyyatın müddəti burnun şəklinə, nələr ediləcəyinə və yanaşmaya görə 1-4 saat sürə bilər. Lazım olan qığırdaq material burun çəpərində yetərincə olmazsa, qulaq və ya qabırğadan alınacaqsa əməliyyat müddəti daha da uzana bilər. Mənim üçün önəmli olan əməliyyatın müddəti deyil, əməliyyatın nəticəsidər.

 

Əməliyyatdan sonra tampon qoyulurmu?Tamponsuz olurmu? Tampon ağrılıdırmı? Gips qoyulurmu?

Burun çəpərinə hər hansı müdaxilə olmadan sadəcə rinoplastika olunubsa, buruna tampon qoymağa ehtiyac olmur.Burun çəpəri və ya burun balıqqulaqlarına müdaxilə olunursa belə günümüzdə tampon qoymağa ehtiyac yoxdur, bu məqsədlə yumuşaq silikon splintlər istifadə edirik. Bu silikonlar üzərində həmçinin borular vardır ki, xəstə əməliyyatdan sonra həmin borular vasitəsilə nəfəs ala bilir. Silikonlar adətən bir neçə gün (2-3) sonra çıxarılır, çıxartma prosesi 5-10 saniyə sürür və ağrısızdır. Bəzi xəstələrdə burun çəpərinə sorulan tikişlər qoyularaq heç silikonlara da ehtiyac olmur. Ancaq Silikonlar həm qanaxma olmaması həm də əməliyyatdan sonra burun içində sinexiya (bitişmə) olmaması üçün məsləhət görülür. Burnun arxasına isə gips əvəzinə dəri rəngində və ya pasiyentin istəyinə uyğun fərqli rənglərdə termal splintlər istifadə olunur. Bütün termal splintlər, borulu silikon splintlər, tikişlər birinci həftə müddətində götürülür.

 

Göyərmə, qaralma, şişkinliklər olurmu?

Əməliyyatdan sonra şişkinlik (ödem) və qançırlar adətən əməliyyatın gedişindəki travma ilə əlaqədar olur. Bunlar bəzi xəstələrdə minimal dərəcədə, bəzi xəstələrdə isə orta  dərəcədə olur. Hər dərinin də cərrahi travmaya verdiyi cavab fərqlidir. Bunları nəzərə alaraq diqqətli, həssas və doğru planda çalışaraq eləcə də daha həssas və kəskin alətlər istifadə edərək, eyni zamanda əməliyyatdan sonrakı dövrdə də xüsusi qaydalara riayət edərək göyərmə və şişkinliyin minimuma enməsini təmin edirik. Bundan başqa burun sümüklərini şəkilləndirmək üçün ultrasəs dalğalarının hesabına burun sümüklərini kəsdikdə (Pieoza ilə - Ultrasonik rinoplastika və ya Piezorinoplastika) (FOTO) yumuşaq toxumalar və sinirlər zədə almadğına görə göyərmə, qaralma, şişkinlik yox deyiləcək qədər az olur.

 

Nə zaman işə və sosial həyatıma dönə bilərəm?

Əgər burun xaricindəki bantlar kosmetik baxımdan problem deyilsə 7-10gündən sonra ağır əziyyət tələb etməyən işlərdə çalışa, dərsə gedə bilərsiniz. Burun daxilindəki silikonlar çıxarldılıqdan 1-2 gün sonra səyahət edə bilərsiniz, 1 aydan sonra yüngül idman hərəkətləri edə, üzə bilərsiniz. İlk iki ay tam günəşin altına çıxmamaq və gözlük istifadə etməmək məsləhət görülür. 20 gündən  sonra cinsi həyatınıza davam edə bilirsiniz. Ancaq ilk bir ay burnunuzu qorumağa diqqət göstərməlsiniz.

 

Nə zaman normal nəfəs ala bilərəm?

Burun içindəki şişin və qabıqlanmaların itməsi halında, təqribən 20 gündən sonra demək olar ki, tam normal nəfəs ala bilirsiniz.

Burun içərisində borulu silikonlar olduğu üçün əməliyyatdan dərhal sonra belə nəfəs alacaqsınız. Lakin burun içində şiş və qabıqlanma olduğu müddətcə bir qədər keçici tutulmalar olacaq.

 

Nə kimi fəsadlaşmalar rast gələ bilir?

Əməliyyat əsnasında və ya əməliyyatdan sonra bəzi fəsadlaşmalar rast gələ bilir. Funksional, estetik və ya hər ikisi ilə əlaqədar fəsadlaşmalar görüləbilir.Ən çox rast gələni az rezeksiya , artıq rezeksiya və ya asimmetriya problemləridir.Bəzən anormal çapıq toxuması, tutuquşu burnu( polibeak deformasiya) şəklində problemlər rast gəlinir.

 

Allergik rinit varsa rinoplastikaya çətinlik yaradarmı?

Allergik rinit əməliyyata əks göstəriş deyildir. Əməliyyatdan sonra lazım olduğu zaman allergiya əleyhinə dərmanalar qəbul edilərək allergik şikayətlər aradan qaldırılır.

 

Rinoplastika əməliyyatından sonra masaj lazımdırmı?

Rinoplastika əməliyyatından sonra adətən masaja ehtiyac yoxdur. Lakin dəri, dərialtı ödemin artıq olduğu hallarda masaj faydalı ola bilər. Masajı da düzgün etmək lazımdır. Əməliyyatla əlaqədar qüsur olduqda isə masaj fayda verməz.

 

Uğur kriteriyaları və göstəriciləri nələrdir?

Rinoplastika əməliyyatının nəticəsində 3 fərqli vəziyyət olabilir:

  1. Xəstə məmnun - Həkim məmnun (ideal nəticə)
  2. Xəstə məmnun-Həkim qeyri məmnun (həkim daha yaxşısını edə biləcəyini düşünür )
  3. Xəstə qeyri məmnun-Həkim qeyri məmnun (Uğursuz nəticə)

Rinoplastikada estetik və funksional uğur göstəricisi 85-90% -in üzərindədir. Əməliyyatdan əvvəl burnun vəziyyəti, cərrahın təcrübəsi və bacarığına görə 10-15% hallarda düzəltmə ehtiyacı olan hallar olabiləcəyi dünya praktikasında rast gəlinir.Rinoplastika xəstəsinin burnunda nələrin dəyişəcəyini, bu dəyişmə ilə bərabər həyatında nələrin dəyişməyəcəyini çox yaxşı bilməsi lazımdır. Real gözləntiləri olmalıdır. Nəticə ilə əlaqədar həkimlə birlikdə qərar qəbul edib nəticənin necə olacağı barəsində ortaq bir fikrə gəlinməlidir.

 

Burun ucu əməliyyatdan sonra düşərmi?

Burun ucu (tip) düşməməsi üçün lazım olan qaydalara ( tikişlər, qığırdaq dəstək və s.) riayət olunduğu zaman belə hal baş vermir. Lakin əməliyyatdan sonrakı ilk vaxtlarda splint, sarğılar çıxarıldıqdan sonra burun bir qədər şişkinliyə görə dik görsənə bilər, o da sonralar şişkinliklər tədricən çəkildikcə normala dönür. Burun ucunun dik olub olmaması əməliyyatdan öncə xəstə ilə razılaşdıqdan sonra planlanır. Kişilərdə burun dodaq bucağı  90°, qadınlarda 95-115° (FOTO) arasında ola bilər. Ona görə də əvvəlcədən planlanmış dizayn əsasında əməliyyatda o göz önündə tutularaq burun ucu dikliyi müəyyənləşdirilir.

 

Rinoplastika ilə bərabər hansı əməliyyatlar oluna bilər?

Rinoplastika ilə yanaşı burun içindəki hər cür patologiyalar düzəldilə bilir. Əslində həm estetik həm də funksional problemlər bir əməliyyatda düzəldilməlidir. Belə ki, rinoplastika ilə yanaşı septoplastika, burun balıqqulaqları cərrahiyyəsi, endoskopik sinus cərrahiyyəsi (polip, kista, sinusit olduqda), burun çəpərində dəlik varsa onun təmiri, adenoidektomiya və s. bu kimi əməliyytalar həyata keçirilə bilir. Bu icra olunan əməliyyatlar isə cərrahi əməliyyatın müddətini uzadır.

 

Rinoplastikada dəri niyə önəmlidir? Qalın və ya incə dərinin üstünlük və çatışmayan cəhətləri nələrdir?

Dəri və dərialtı yumuşaq toxuma, burunun qığırdaq və sümük toxumalarını örtən çox önəmli bir örtük qatıdır. Normal, incə və qalın dəri tipləri ayırd edilir. İncə dərili xəstələrdə dəri altında burun üstündəki kiçik nahamarlıqlar və ya burun ucundakı qığırdaq toxumaları belə aydın şəkildə görsəndiyi halda normal dərili olanlarda bunlar hiss olunmur. İncə dərili xəstələrdə bu problemlərin qarşısını almaq üçün əzilmiş qığırdaq, temporal fassiya vəya alloderm istifadə olunur. Qalın dərili olanlarda isə burun ucunu stabil tutmaq və dəri ağırlığını daşımaq üçün güclü qığırdaq dətəyə ehtiyac vardır. Yanlış olaraq qığırdaqları çox kəsib zəiflətmək əvəzinə dəstək vermək məqsədilə daha çox qığırdaq işlətmık lazım gəlir. Yoxsa ölü boşluqlar deyilən çökmələr baş verə bilir. Qalın dərilililərdə limfatik drenaj gec bərpa olunduğuna görə  şişkinliklər daha gec düzəlir. Bəzən 1-2  il sürə bilir.

 

Burun son şəklini nə zaman alır?

Dərinin qalınlığına görə dəyişə bilir. Adətən ilk 1 ayda burun təqribən 70% ,

6 ay-1 il ərzində 90% şəklini alır. Bu müddət bəzən 2 ilə qədər sürə bilir.Buna görə də bu məsələlər revizyon rinoplastikada nəzərə alınmalıdır.

 

Əməliyyatdan sonrakı nəzarət dövrü nə qədərdir?

Silikonlar çıxdıqdan və sarğılar dəyişdirildikdən sonra 1, 3, 6 ay və 1 il  sonra pasiyentlərimi görmək istəyirəm.

 

Əməliyyatsız burun estetiyi nədir?

Burundakı kiçik qüsurları və ya nahamarlıqları aradan qaldırmaq məqsədilə  xüsusi dolğu maddələri ilə icra olunan prosedurdur.İstifadə olunan dolğu maddəsinin sorulma qabiliyyətinə görə davamlılığı 3-9 ay çəkə bilir. Dolğu maddəsi sorulduqdan sonra təkrar edilə bilər.

 

Burun sümüklərini qırmadan (osteotomiyasız) Rinoplastika mümkündürmü?

Burun üstündə azacıq hündürlüyü (donqarlıq) olan,və ya dar burunlu pasiyentlərdə burun sümüklərini qırmağa ehtiyac olmur. Belə hallarda burun üstündəki hündürlük hamarlanaraq və ya burun kökünə qığırdaq qreft qoyaraq burun belindəki donqarlıq təəssüratını aradan qaldırmaq olur.

 

Burun ucu problemləri, tip cərrahiyyəsi və ya Tipplasti nədir?

Bəzən burnun yalnız uc hissəsində (tip bölgəsində) deformasiya olur. Burun ucu qığırdaqlarında asimmetriya, genişlik, darlıq, nəzərəçarpan çıxıntılı bölgələr, hündürlük, çökəklik və s. ola bilər. Burnun digər hissələri normalsa sadəcə burun ucunda olan deformasiyanın düzəldilməsinə "tipplasti" deyilir.